Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi

Təsvir

İyirminci əsrin əvvəllərinə qədər Azərbaycanda dövlət idarəçiliyinin əsas atributlarından olan və hər bir xalqın mənəvi sərvətini təşkil edən arxiv olmamışdır. Ölkəmizdə arxiv işinin əsası yalnız 1920-ci il dekabr ayının 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış «vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında» dekretlə qoyulmuşdur. Həmin dekretə müvafiq olaraq Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin arxivləri vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi oldu.
Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində respublikanın arxivçiləri çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol Quberniyalarındakı idarələrin, Azərbaycan ərazisində fəaliyyət göstərmiş xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanılması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər.
1922-ci ilin avqustunda mərkəzi dövlət arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olunur ki, bu da arxiv orqanlarının nüfuzu və rolunun artmasına kömək edir. 20-ci illərdə yerlərdə də arxiv təşkilatları yaradılırdı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında Mərkəzi arxiv, 1928-ci ildən isə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır.
1930-cu ildə arxivlərin fəaliyyət dairəsi genişləndirilir və onların işlərinin canlandırılması üçün Azərbaycan SSR MİK Rəyasət Heyəti Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edir və onun Əsasnaməsini təsdiq edir. Bu Əsasnaməyə görə Mərkəzi Arxiv İdarəsinə yalnız sənədlərin komplektləşdirilməsi, sistemləşdirilməsi və mühafizəsi deyil, həmçinin siyasi, xalq təsərrüfatı və mədəni quruculuq işlərinə kömək məqsədilə elmi-tədqiqat işlərində arxiv sənədlərindən istifadənin təşkili işi də tapşırılır. Azərbaycan SSR MİK Rəyasət Heyətinin qərarı ilə həmin ilin aprelində 1920-ci ildə yaradılmış mərkəzi arxivin bazasında Respublikamızda iki mərkəzi dövlət arxivi: Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivi (kino-foto şöbəsi ilə) və Mərkəzi Dövlət Tarix Arxivi yaradılır.
Otuzuncu illərdə yerlərdə arxiv sənədlərinin mühafizəsi və istifadəsi məqsədi ilə respublikanın bir sıra şəhər və rayonlarında arxiv büroları yaradıldı ki, onlar da sonralar şəhər və rayon dövlət arxivlərinə çevrildilər.
1938-ci ildə bütün Sovetlər birliyində olduğu kimi Azərbaycanda da arxiv təşkilatları xalq daxili işlər komissarlığının tabeçiliyinə verilir. 1960-cı ilə qədər arxivlərin daxili işlər komissarlığı orqanlarına tabe edilməsi demək olar ki, arxivləri qapalı təşkilatlara çevirir, bu da arxivlərdə elmi-tədqiqat işlərinin aparılmasına və arxiv sənədlərindən istifadəyə böyük əngəllər törədirdi.
1960-cı ildə keçmiş SSRİ-nin başqa respublikalarında olduğu kimi arxiv təşkilatları Respublikamızda da daxili işlər nazirliyinin tabeliyindən Azərbaycan SSR Nazirlər Sovetinin tabeliyinə verilir. Bundan sonra arxiv işinə və arxiv sənədlərindən istifadəyə diqqət artırılır, dövlət arxivləri şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi işinə başlanır. 1966-cı ildə Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, 1968-1969-cu illərdə isə Azərbaycan SSR Mərkəzi Dövlət Səs Yazıları Arxivi və Mərkəzi Dövlət Elm,Texnika və Tibb Sənədləri Arxivi, 15 şəhər və rayon mərkəzlərində Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivinin filialları yaradılır, 50 rayon dövlət arxivi isə sənədlərin müvəqqəti mühafizəsini həyata keçirən dəyişən tərkibli arxivlərə çevrilir.
Bu gün Azərbaycan Respublikasının arxiv sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan respublika əhəmiyyətli 6 dövlət arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının dövlət arxivi, habelə 57 rayon və şəhər dövlət arxivləri daxildir.
Milli Arxiv İdarəsi sistemində sənədlərin bərpası, cildlənməsi, qiymətli və nadir sənədlərin sığorta fondunun yaradılması üçün xüsusi Laboratoriya da fəaliyyət göstərir.
Azərbaycan müstəqillik əldə edənə qədər Respublika dövlət arxivləri barədə söhbət gedərkən burada bir məsələyə xüsusi diqqət yetirməliyik. 1922-ci ildə SSRİ-nin yaranması ilə əlaqədar ayrı-ayrı respublikaların xarici və daxili siyasət sahəsindəki nisbi sərbəstlikləri başqa sahələrdə olduğu kimi arxiv işi sahəsində də tədricən məhdudlaşdırılmağa başlanır. Əgər N.Nərimanovun dekreti ilə Azərbaycan SSR-də vahid dövlət arxiv fondu yaradılmışdısa da sonralar bu səlahiyyətlər müttəfiq respublikaların əlindən alınaraq arxiv təşkilatları ittifaq-respublika tabeli orqana çevrilir, onların işinə məhz Moskvadan rəhbərlik edilməyə başlanılır. Artıq arxivlər öz işləri haqqında Respublika hakimiyyət orqanları qarşısında deyil ittifaq təşkilatları qarşısında əvvəlcə Daxili İşlər Nazirliyinin Baş Arxiv İdarəsi sonra isə SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinə hesabat verir, onlara əməli rəhbərlik də bu təşkilat tərəfindən həyata keçirilirdi.
Bunun üçün hüquqi baza isə SSRİ Xalq Komissarlar Sovetinin 1920-30-cu illərdə qəbul etdiyi arxiv işinə aid bir sıra qərarları və 1958-ci il avqust ayının 13-də SSRİ Nazirlər Soveti tərəfindən təsdiq olunmuş «Sovet İttifaqının dövlət arxiv fondu haqqında əsasnamə» idi. Həmin Əsasnamədə deyilirdi: «Sovet İttifaqının Dövlət arxiv fondu sənəd materiallarını mərkəzləşdirilmiş şəkildə hesaba almaq, saxlamaq, elmi və əməli cəhətdən istifadə etmək üçün təşkil olunmuşdur. Sovet İttifaqının Dövlət arxiv fondu yarandığı vaxtdan nə kimi texnika və üsulla istehsal olunduğundan asılı olmayaraq, Sovet dövlətinə məxsus olan elmi, siyasi və əməli əhəmiyyətli sənəd materiallarının məcmusunu təmsil edir».
1980-cı il aprel ayının 4-də SSRİ Nazirlər Soveti tərəfindən təsdiq edilmiş Dövlət arxiv fondu haqqında yeni Əsasnamədə isə bütün yuxarıda göstərilənlərə bu da əlavə edilmişdir ki: «SSRİ Dövlət Arxiv Fondu SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin sərəncamındadır.» Göründüyü kimi bütün ittifaq ərazisindəki arxivlər mərkəzə – SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinə tabe edilmişdir. Yəni başqa müttəfiq respublikalar kimi Azərbaycan da faktiki olaraq özünün mənəvi sərvətləri olan arxivlərinin tam hüquqlu sahibi deyildi.
Azərbaycan xalqı öz mənəvi sərvəti olan arxivlərinə yalnız 1991-ci ildə keçmiş SSRİ dağıldıqdan sonra sahib oldu. Özünün tam müstəqilliyini əldə etmiş Respublikamızın ərazisində olan bütün arxivlər Azərbaycan xalqının həqiqi mənəvi sərvətinə çevrildi. Bu sənədlər üzərində sahiblik hüququ Azərbaycan xalqına məxsus oldu. İllərlə yeddi qıfıl arxasında gizlədilmiş bu sənədlərdən tariximizin tədqiqində geniş şəkildə istifadə olunmağa başlandı.
Yenidən müstəqilliyini əldə etmiş Respublikamızda başqa sahələrdə olduğu kimi arxiv işi sahəsində də müstəqil dövlətə məxsus yeni qanunvericilik və normativ aktlar yaranmalıydı. «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanunu bu işin həyata keçirilməsi üçün demək olar ki, məhək daşıdır. Onu da qeyd etmək lazımdır ki, keçmiş SSRİ məkanında arxiv işinə aid heç vaxt qanun qəbul edilməmiş, arxiv işi sahəsində normativ aktlar yalnız SSRİ Nazirlər Sovetinin təsdiq etdiyi «SSRİ Dövlət arxiv fondu haqqında Əsasnamə» ilə tənzimlənmişdir. SSRİ dağıldıqdan sonra keçmiş Sovetlər İttifaqı ərazisində yaranmış respublikaların hamısında arxiv işinə aid yeni qanunlar qəbul edilmişdir.
Milli Məclisin 1999-cu il yaz sessiyası dövründə bu qanunun layihəsinə baxılması və onun müzakirəsi işi intensiv şəkildə davam etdirilmiş və həmin ilin iyununda Milli Məclis «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanununu qəbul etmiş və Prezident tərəfindən o 1999-cu il iyun ayının 22-də imzalanmışdır.
1999-cu il iyul ayının 27-də isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalanmışdır.
Respublikamızda arxiv quruculuğunun gələcək istiqamətlərini, yə’ni arxivlərimizin strategiyasını müəyyənləşdirən beş fəsil və 23 maddədən ibarət olan bu Qanun Azərbaycan Respublikasında Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və arxivlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.
İlk dəfə olaraq bu Qanunla müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında dövlət, ictimai, dini və digər təşkilatlar, vətəndaşlar qanunvericilikdə müəyyən olunmuş qaydalarla arxiv yaratmaq hüququna malikdirlər. Yaradılmış bu arxivlər küll halda Azərbaycan Respublikasının milli arxiv fondunu təşkil edir.
Göründüyü kimi «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası qanunu ölkəmizdə arxiv işi və onun inkişafı ilə bağlı bütün məsələləri əhatə edərək onun strategiyasını, gələcək işlərimizin başlıca istiqamətlərini müəyyənləşdirmişdir.
Əldə etdiyimiz Dövlət Müstəqilliyi, «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanunu respublikamızın dövlət arxivlərində qiymətli sənədlərin intensiv şəkildə cəmləşdirilməsi, onlardan siyasi, iqtisadi, elmi və mədəni məqsədlər üçün istifadə işinin təşkilinə geniş imkanlar yaradır.
Düzdür bütün sahələrdə olduğu kimi ölkəmizdə arxiv quruculuğu sahəsində də işlər asanlıqla başa gəlmir. Sovetlər birliyinin süqutu və iqtisadi əlaqələrin kəsilməsi başqa Sovet respublikalarında olduğu kimi Azərbaycanda da iqtisadiyyatın dağılmasına səbəb olmuşdu. Ölkə daxilində yaranmış hərc-mərclik və Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaranan çətinliklər onsuzda Sovet hakimiyyəti illərində o qədər də fikir verilməyən arxivlərdən də yan keçmədi. 1972-ci ildə Dövlət arxivləri üçün tikintisinə başlanmış binanın uzun illər yubadılması və başa çatdırılmaması habelə əlavə binaların ayrılmaması arxivlərin işini daha da çətinləşdirmişdir. Nəticədə arxivlər bu günə qədər də nazirlik, komitə, idarə, təşkilat və müəssisələrdə saxlanan işləri qəbul edə bilməmişlər.
Maddi çətinliklər üzündən arxivlərimizin müasir avadanlıqlarla təchizi və sənədlərin mühafizəsi işində də ciddi çətinliklər yaranmışdır. Bu işlərin müvəffəqiyyətlə həlli üçün Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin 2002-ci il dekabr ayının 2-də imzaladığı «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında»kı 816 N-li fərmanının müstəsna əhəmiyyəti var. Prezident fərmanında göstərilir ki, xalqımızın əvəzsiz mənəvi sərvəti olan arxiv sənədlərinə müntəzəm müraciət olunur. Dövlət hakimiyyəti orqanlarının, idarə və müəssisələrin informasiyaya olan gündəlik tələbləri ödənilir, respublikanın və xarici ölkələrin yüzlərlə alimi öz elmi tədqiqatlarında, monoqrafiya və dərsliklərin yazılmasında arxivlərimizin sənədlərindən geniş istifadə edirlər. Arxivlər tərəfindən sənədlər külliyyatları nəşr olunur, radio və televiziya verilişləri hazırlanır, sənədlər dövri mətbuatda dərc edilir. Respublikamızın və xarici ölkə vətəndaşlarının sosial-hüquq xarakterli ərizə və sorğuları icra olunur.
Bununla yanaşı fərmanda qeyd olunmuşdur ki, arxiv xidmətinin statusu və strukturu müstəqil Azərbaycan Respublikasında gedən dövlət quruculuğu işinin tələblərinə tam cavab vermir. Arxiv işi sahəsində indiyə qədər vahid informasiya bazasının yaradılmaması, elektron-informasiya daşıyıcılarının imkanlarından lazımınca istifadə olunmaması, arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının müasir standartlara uyğun gəlməməsi bu sahədə problemlər yaradır. Fərmanda arxiv binalarının yararsız vəziyyətdə olması, arxiv işinin bəzi sahələrində pərakəndəlik hallarının meydana çıxması, yerlərdəki müəssisə, idarə və təşkilatlarda kargüzarlıq və arxiv işinin lazımi səviyyədə olmaması nəzərə çatdırılır.
Azərbaycan xalqının tarixinin ilk mənbələr əsasında öyrənməsində idarə və müəssisələrin, habelə vətəndaşların informasiyaya olan gündəlik tələbatının ödənilməsində Milli arxiv fondunun böyük əhəmiyyətini nəzərə alaraq arxiv işinin təkmilləşdirilməsi məqsədi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini yaratmaq barədə qərar qəbul edir.
Göstərilən Fərmanla Prezident Azərbaycan Respublikası Nazirlər Kabinetinə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Əsasnaməsinin layihəsini hazırlayaraq təsdiq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etməyi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi aparatının say həddini təsdiq etməyi tapşırır.
Habelə həmin fərmanla arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə müvafiq proqram tərtib edərək Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılır.
Prezidentin bu fərmanında Respublikanın İqtisadi İnkişaf Nazirlyinə, şəhər və rayon icra hakimiyyəti başçılarına dövlət arxivinin yerlərdəki filiallarını, şəhər və rayon dövlət arxivlərinin sənədlərinin saxlanılması üçün yararlı binalarla təmin edilməsi tapşırılmışdır.
Göründüyü kimi Respublika Prezidentinin arxiv işinin təkmilləşdirilməsi haqqındakı bu fərmanı ölkəmizdə arxiv işi sahəsində geniş prespektivlər açdı. Bu fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə arxivlərimiz xalqımızın tarixinə, xüsusilə müstəqillik dövrü tarixinə aid sənədlərin toplanması, mühafizəsi və onlardan hərtərəfli istifadə işinin təşkili sahəsində əsil məxəz funksiyasını müvəffəqiyyətlə yerinə yetirməkdədirlər.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Video

Sayt məlumatı

Saytın ID-si: 600
Baxışların sayı: 13
Əlavə edilib: 05.09.20 21:31:33
Yenilənib: 05.09.20 21:31:33
Vaxtı bitir: 05.09.21 21:31:33

Şərhlər

comments powered by Disqus