Sabiqun.az - Dini Portal

Təsvir

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ
Bütün həmdlər Allaha – aləmlərin Rəbbinə məxsusdur!
Allahın salamı və rəhməti Onun Peyğəmbəri Həzrət Mühəmməd (s)-ə, onun pak və təmiz Əhli-Beytinə, seçilmiş əshabələrinə və Allahın göndərdiyi
bütün peyğəmbərlərə olsun!
 
"Hər kəs tarixin içində özünə bir yer tapar və yaşayar. Fəqət tarix öz səhifələrinə yaşayanları deyil, tarixin axarını dəyişdirmək üçün mərdcə mübarizə aparanları yazar”.
 
Azərbaycanda tarixən müxtəlif dinlər yayılmışdır. Lakin onların heç biri İslam qədər ümumxalq dininə çevrilməmişdir. Hətta bu din tarixi dövr ərzində bizim milli mövcudluğumuzu şərtləndirən və təsdiqləyən bir fakta çevrilmişdir.
Bəziləri İslam dininin xalqımıza qılınc gücü ilə – zorla qəbul etdirildiyini iddia etsələr də, bu iddiaların heç bir elmi və tarixi əsası yoxdur, çünki nə azərbaycanlılar zorla öz dinini dəyişən xalq, nə də İslam bu zorakılığa haqq qazandıran dindir. İslam mədəniyyətini azərbaycanlılarsız təsəvvür etmək mümkün olmadığı kimi, bütöv Azərbaycan mədəniyyətini də İslam dinindən kənar təsəvvür etmək qeyri-mümkündür.
Lakin hal-hazırda ölkəmizdəki dini vəziyyəti xarekterizə etsək, deyə bilərik ki, İslamı haqq din bilib ona pənah gətirənlərin sayının artmasına baxmayaraq, cəmiyyətdə din və dindarla bağlı əsassız qorxu meydana çıxıb. İnsanların təfəkküründə İslam və müsəlmanlarla bağlı elə stereotiplər yaradıblar ki, cəmiyyət hər hansı bir dindarı həqarətlə "molla” adlandırmaqdan çəkinmir. Ölkəmizdə Azərbaycan dövlətçiliyinə zərərli olması iddia edilən bəzi dini təmayüllərin meydana çıxması ilə bağlı ittihamlar İslama və müsəlmanlara qarşı gizli soyuqluq yaratmışdır. İslamla bağlı hər hansı bir fəaliyyət cəmiyyət tərəfindən şübhə və qorxu ilə qarşılanır. Din və dindar məqsədyönlü şəkildə ictimaiyyətin şüuraltı qadağan sahəsinə daxil edilir.
Buna görə də belə bir zamanda dinimizin bizim üzərimizə qoyduğu ictimai məsuliyyətin tələbi olaraq İslamı cəmiyyətə düzgün şəkildə çatdırmaq, din və dindarla bağlı mövcud olan yanlış stereotipləri aradan qaldırmaq, mövhumat və xurafatlara qarşı mübarizə aparmaq, cəmiyyət həyatının istənilən sahəsinə aid məsələ və problemlərinə islami həll yolu göstərmək üçün "sabiqun.az” saytını araya-ərsəyə gətirdik. Məqsədimiz müsəlmanları haqq din ilə tərbiyə edərək onlara İslam dininin gətirdiyi hökmləri öz həyatına tətbiq etməkdə yardımçı olmaqdır. Və qayəmiz bu işi həyata keçirərkən müsəlmanlar arasında ayrı-seçkilik etməməkdir. Biz dəyişməmişik. "Milli Görüş-Sabiqun” hərəkatı olaraq həm "Qüds” qəzetini, həm də "Fitrət” jurnalını nəşr etdirdiyimiz dövrlərdə vəhdət prinsipinə sadiq qaldığımız kimi, hal-hazırkı mətbu orqanımız olan "sabiqun.az” saytında da bu prinsipə sadiq qalmışıq. Bu baxımdan dinsizi dinə, dindarı isə vəhdətə gətirməyi qarşımıza bir məqsəd qoymuşuq. Biz hamı üçün yazırıq. Biz ölkə müsəlmanlarının cəmiyyət həyatına fəal şəkildə inteqrasiya etmələrini istəyirik. Bunun üçün də saytımızda təkcə dini yox, həmçinin siyasi, ictimai və iqtisadi məqalələrin olmasını da zəruri hesab edirik.
Bizim metodumuz nə ənənəçilikdir, nə də mühafizəkarlıq. Biz nə sağçıyıq, nə də solçu. Haqq yolun yolçusuyuq. Bizim dindar zümrəyə məxsus nüfuzlu şəxslərlə də bağlılığımız yoxdur. Biz nə din yolu ilə çörək yeyirik, nə dini ünvanımız var, nə də məzhəbi mövqeyimiz. Biz heç bir xarici gücdən dəstək almırıq. Daima milli vətənpərvərlik ruhuna sadiq qalmışıq və bundan sonra da sadiq qalacağıq.
Biz düşünürük ki, müvəffəqiyyət və nailiyyət əldə etmək üçün özümüzə qayıtmalıyıq. Buna görə də xalqımızı özünün əsl ideologiyasına qayıtmağa istiqamətləndirmək əsas məqsədlərimizdən biridir.
Bəli, "Milli Görüş-Sabiqun” hərəkatı olaraq bizim əqidə və ideyalarımız vardır və bunları "sabiqun.az” saytı vasitəsilə xalqımıza çatdırırıq. Ümumiyyətlə elə bir hərəkat vardırmı ki, onun arxasında hər hansı bir əqidə və ideya olmasın? Bir hərəkatı əqidə və ideyasız təsəvvür etmək mümkündürmü? Bu baxımdan hərəkatımızın yeganə ilham mənbəyi çağları aşan müraciəti ilə Quran-kərimdir:
Doğrudan-doğruya Qurandan alaraq ilhamı,
Əsrin idrakına söylətməliyik İslamı!
Biz sizə söz veririk ki, sizi İslamla tanış edəcəyik. Sizi də bu ali məqsədi həyata keçirmək üçün bizə yardım etməyə çağırırıq, çünki İslamın yenidən dirçəlməsi üçün səmimi qardaşlıq duyğuları ilə, saf bir məhəbbətlə və ən əsası Allahın yardımı ilə bu qayəni həyata keçirmək üzərimizdə böyük bir vəzifədir. İnşallah sizin də dəstəyinizlə saytımız inkişaf edərək həqiqətə susamış könüllərə vəhyin ölümsüzlük iksirini təqdim etməyə davam edəcək.
Saytımız səmimi səylərlə hazırlanmışdır. Bu baxımdan səmimi niyyətlərlə edilən bütün təklif və tənqidlərə açıqdır. Hər bir məsləhət və şərhləriniz nəzərə alınacaqdır.
Həqiqətin nə olduğuna qərar vermədən əvvəl bizi oxuyun!
Allahın salamı üzərinizə olsun!
"Milli Görüş-Sabiqun” hərəkatı

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Video

Sayt məlumatı

Saytın ID-si: 364
Baxışların sayı: 7
Əlavə edilib: 03.09.20 03:24:07
Yenilənib: 03.09.20 03:24:07
Vaxtı bitir: 03.09.21 03:24:07
Kateqoriya: Dini portallar

Şərhlər

comments powered by Disqus