Bakı Avrasiya Universiteti

Vebsayt

Təsvir

Bakı Avrasiya Universiteti 1992-ci il, aprelin 30-da Ali Diplomatiya Kolleci adı ilə fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən təsis edilmişdir. Ali Diplomatiya Kollecinin yaradılmasında əsas məqsəd çoxpilləli tədris prosesində xarici siyasət və beynəlxalq hüququn əsaslarına yiyələnməklə, respublikamızın xarici ölkələrdəki səfirlik və konsulluqlarında, digər təmsiledici strukturlarında və beynəlxalq təşkilatlarda fəaliyyət göstərmək potensialına malik mütəxəssislər, qərb və şərq dövlətləri üzrə ixtisaslaşmış diplomatlar, sinxron tərcüməçilər, jurnalist və hüquqşünaslar yetişdirmək, eləcə də diplomatiya sahəsində fəaliyyət göstərən kadrları təkmilləşdirmək və müvafiq istiqamətlər üzrə elmi-tədqiqat işləri aparmaq idi. 1992-ci ildən 1993-cü ilin mart ayına qədər olan mərhələni tələbə qəbuluna hazırlıq, eyni zamanda təhsil müəssisəsinin elmi-tədqiqat mərkəzi olaraq geniş və səmərəli fəaliyyətin qurulduğu dövr kimi xarakterizə etmək olar. Təsadüfi deyil ki, məhz bu dövrdə təhsil müəssisəsində respublikamız üçün tamamilə yeni olan sahələr üzrə elmi-tədqiqat işləri aparılırdı:

- diplomatiya və xarici siyasətə dair fundamental və tətbiqi problemləri araşdırmaq;

- Azərbaycanşünaslıq ixtisası üzrə tədqiqat işləri aparmaq;

- elmi nəşrlərin hazırlanması işini təşkil etmək;

- müvafiq sahələr üzrə informasiya sistemini təşkil etmək və s.

Təhsil müəssisəsi Dövlət Ali Ekspert Komissiyasının 1993-cü il 13 mart tarixli 7/1 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. Həmin qərara əsasən Ali Diplomatiya Kollecinə diplomatiya, beynəlxalq hüquq, beynəlxalq jurnalistika, sinxron tərcümə, beynəlxalq iqtisadi münasibətlər ixtisasları üzrə kadrlar hazırlamaq hüququ verildi və tələbə qəbulunun test üsulu ilə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının nəzarəti altında keçirilməsi tövsiyyə edildi. DAEK-in rəyi əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 1996-ci il tarixli 22 saylı qərarı ilə təhsil müəssisəsinə dövlət statusu verilmişdir. 2005-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Ali Diplomatiya Kollecinin milli təhsil konsepsiyasına uyğun fəaliyyət göstərməsini, zəngin tədris və kadr hazırlığı təcrübəsinə malik olmasını, beynəlxalq əlaqələrini sürətlə genişləndirməsini və keyfiyyətli tədris prosesini təmin etməyə qadir metodiki, maddi-texniki bazaya və qabaqcıl elmi-pedaqoji kadr potensialına malik olmasını, məzunlarının respublikadaxili və beynəlxalq əmək bazarında layiqli iştirakını, eyni zamanda Təhsil Nazirliyi tərəfindən aparılan monitorinqlərdə yüksək iş keyfiyyətinin bir daha müşahidə edilməsini nəzərə alaraq adının dəyişdirilərək Bakı Diplomatiya Universiteti adlandırılması ilə bağlı Azərbaycan hökumətinə müraciət etmişdir. Bu müraciət əsasında Azərbaycan hökümətinin qərarı ilə 2005-ci il 30 iyun tarixindən etibarən Bakı Diplomatiya Universiteti, 2006-cı il 26 may tarixindən etibarən isə Bakı Avrasiya Universiteti adı altında dövlət qeydiyyatından keçmişdir. Hal-hazırda ali təhsil ocağı Bakı Avrasiya Universiteti kimi fəaliyyət göstərir. BAAU Rusiyanın Ali İqtisadiyyat və Mədəniyyət məktəbi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Türkiyənin Süleyman Dəmirəl Universiteti, Girne Amerika Universiteti, Ukraynanın Diplomatiya Akademiyası, Gürcüstanın Müstəqil Diplomatiya Akademiyası, Budapeşt Korvinus Universiteti və digər ali təhsil ocaqları ilə əməkdaşlıq edir. Eyni zamanda, BAAU Dünya Diplomatiya Akademiyaları və Beynəlxalq Münasibətlər Universitetləri Birliyi, Mərkəzi və Şərqi Avropa Beynəlxalq Tədqiqatlar Birliyi, MDB ölkələri Beynəlxalq Münasibətlər Universitetləri Assosiasiyası, Qafqaz Universitetləri Birliyinin üzvüdür.
Sosial xidmət sahəsində yataqxana, yeməkxana və idman zalı kimi obyektlərin fəaliyyətini qeyd etmək olar. Belə ki, Universitetin nəzdində ümumi sahəsi 340 kv.m olan, 14 otaqlı, 31 nəfərlik, müasir istilik sistemi, telekomunikasiya xidmətləri ilə tam təchiz olunmuş qızlar yataqxanası fəaliyyət göstərir. Ümumi sahəsi 400 kv.m olan kafe-klub, 160 kv.m olan tələbə yeməkxanası, ayrıca professor-müəllim heyəti üçün yeməkxana və bufet də tələbə və ali təhsil ocağının əməkdaşlarının ixtiyarındadır. Ümumi sahəsi 360 kv.m olan, idman avadanlıqları ilə tam təchiz olunmuş idman zalı da fəaliyyət göstərir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 83
Baxışların sayı: 51
Əlavə edilib: 24.08.20 00:28:55
Yenilənib: 24.08.20 00:28:55
Vaxtı bitir: 24.08.21 00:28:55
Kateqoriya: Ali məktəblər

Şərhlər

comments powered by Disqus