Azərbaycan Tibb Universiteti

Vebsayt

Təsvir

Ənənələr və innovasiyaların vəhdəti.

Azərbaycan Tibb Universiteti - minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, həmçinin alimlər yetişdirən elm ocağıdır. Burada tədris prosesi birbaşa olaraq elmi tədqiqatlar, səhiyyədə əldə olunan nailiyyətlər ilə sıx əlaqəlidir.

TƏDRİS SİSTEMİ

Azərbaycan Tibb Universiteti dünyanın qabaqcıl ölkələrində uğurla sınaqdan çıxmış kreditli təhsil sistemini tətbiq edir. Bolonya prosesində kredit sisteminin tətbiqi tələbə və müəllim mobilliyinin genişlənməsinə, tələbələrin fənn və müəllim seçiminə və öz maraqlarına görə ixtisaslaşmalarına imkan verir.

2006/2007-ci tədris ilindən etibarən Azərbaycan Tibb Universitetinin tibbi-profilaktika, əczaçılıq fakültələrində, 2009-2010-cu tədris ilindən etibarən stomatologiya, 2010-2011-ci tədris ilindən isə müalicə-profilaktika və pediatriya fakültələrində tibb təhsilinin tədrisi kredit sistemi ilə aparılır.

2009-cu ilin iyun ayında Azərbaycan Respublikasının “Təhsil qanunu”nun qəbul edilməsi təhsilin kredit sisteminə keçidinə, həmçinin diplomdan sonrakı hazırlığın rezidentura sistemi ilə aparılmasına əlverişli şərait yaratmışdır. Bu qanun elmi və pedaqoji kadrların hazırlığını yeni qaydalar üzrə aparmağa istiqamət verir.

ATU-da kredit sisteminin tətbiqi ilə əlaqədar yeni tədris planları, fənn modulları hazırlanmış, tələbələr və valideynlərin müəllimlər və digər əməkdaşlarla birgə müşavirələri keçirilir. Kredit sistemi ilə tədrisin koordinasiyası üçün fakültələrdə tədris məsləhətçiləri - tyutorlar fəaliyyət göstərir.

Ümumiyyətlə, Azərbaycan Tibb Universitetinin tədris hissəsi gündəlik fəaliyyətində Azərbaycan Respublikasında “Təhsil haqqında” Qanuna, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununa, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanına, habelə Azərbaycan Respublikası Səhiyyə və Təhsil nazirliklərinin müvafiq əmr və sərəncamlarına istinad edir.

Yeni tədris sistemi tələbələrin respublikamızda və xarici ölkələrin universitetlərində Yay məktəblərində iştirakına da geniş imkanlar açmışdır. Universitetin beynəlxalq əlaqələri sayəsində bir çox tələbələr xarici ölkələrin universitetlərində Yay məktəblərində ixtisas fənləri üzrə kredit toplamaq imkanı əldə etmişdir. Eyni zamanda, xarici ölkələrin, o cümlədən, Rusiya, ABŞ, Ukrayna, Almaniya, Türkiyə, İsveçrə, Polşa və digər ölkələrin universitetlərinin tələbələri də ATU-nun Yay məktəblərində iştirak edərək kredit toplayırlar.

YATAQXANALARIMIZ

Azərbaycan Tibb Universitetində 6 tələbə yataqxanası mövcuddur. Onlardan ikisi oğlanlar, ikisi qızlar digər iki yataqxana isə xarici tələbələr üçündür.

Yataqxanalar oxu zalları, kitabxana, peyk antenaları ilə dünya kanallarını izləmək imkanı verən televizorlarla təchiz olunmuşdur.

Yataqxana binaları hər mərtəbəsində istirahət otaqları, tələbələrin yaxınları ilə görüşməsi üçün qonaq otaqları vardır. Otaqlarda ən müasir tipli yataq mebelləri, şkaflar və hər bir tələbə üçün kompüter stolları quraşdırılmışdır. Yataqxanalara istilik, qaz, işıq, telefon və internet xətləri çəkilmişdir.

Yataqxana tələbələrinin asudə vaxtlarını mənalı və faydalı keçirtmələri üçün müxtəlif gəzintilər, idman və mədəniyyət proqramları,

xarici ölkələrdən gələn tələbələrimizin Azərbaycan mədəniyyətini, adət və ənənələrini yaxından tanımaları üçün müxtəlif tarixi yerlərə ekskursiyalar təşkil olunur.

Hörmətli Azərbaycan Tibb Universitetinin rəsmi saytının qonaqları!
Sizi Azərbaycan Tibb Universitetinin rəsmi saytında salamlamağıma şadam. Ölkənin ilk fəaliyyətə başlayan universitetlərindən biri olan bu ali təhsil müəsisəsi səhiyyə kadrları hazırlayan ən böyük, aparıcı elm və tibb mərkəzidir. Ümid edirəm ki, www.amu.edu.az saytının resurslarına istinad edərək siz universitetin strukturu, fakültə və kafedraları, elmi-tədqiqat layihələri, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat əldə edəcəksiniz. Biz çalışdıq ki, abituriyent və rezidentlərin ixtisas seçimi, qəbul qaydaları, təhsil almaq imkanları haqqında məlumatı geniş işıqlandıraq. Həmçinin, ümidvaram ki, saytımız rahat və faydalı naviqator rolunu oynayaraq, universitetimizin klinikalarına müraciət etmək istəyən bütün xəstələrə əhəmiyyətli dərəcədə köməklik göstərəcək.
Azərbaycan Tibb Universitetinin rektoru

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 186
Baxışların sayı: 91
Əlavə edilib: 28.08.20 03:29:19
Yenilənib: 28.08.20 03:29:19
Vaxtı bitir: 28.08.21 03:29:00
Kateqoriya: Ali məktəblər

Cəmi təkrarlanan baxışlar: 0
Cəmi unikal baxışlar: 12